Yeniyetmə gimnast Tofiq Əliyev: Avropa çempionatında əsas hədəfim finala yüksəlməkdir

Gimnastika üzrə Avropa çempionatında ilk dəfədir çıxış edirəm. Bundan başqa, bu, mənim ikili mini-batut növündə ilk çıxışımdır. Bu çempionat mənim üçün çox yaxşı təcrübədir. Avropa çempionatında əsas məqsədim finala yüksəlməkdir.

Bunu Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında çıxış edən Azərbaycan təmsilçisi Tofiq Əliyev AZƏRTAC-a müsahibəsində deyib.

Gənc gimnast bildirib ki, yarış 13-17 yaşlı idmançılar arasında keçirildiyi üçün yaxşı nəticə göstərmək nisbətən çətindir. Yüksək səviyyədə hazırlıq keçdiyini qeyd edən 14 yaşlı idmançımız məşqçisi Hafiz Rzayevin onun çıxışından razı qaldığını deyib.

Avropa çempionatında rusiyalı və britaniyalı idmançıların güclü rəqib hesab etdiyini qeyd edən T.Əliyev deyib: “Ən böyük arzum Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edərək yaxşı nəticə göstərməkdir. Milli komandamızın üzvlərinə uğurlar və yaxşı nəticələr arzulayıram”.

 

DİASPOR.AZ