Toğrul Zeynalov: “Nant şəhərində Azərbaycan məktəbi açılacaq”

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri Toğrul Zeynalov bir neçə gün əvvəl Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi seçilib. Toğrul Zeynalovla müsahibəni təqdim edirik.

– Toğrul bəy, öncə sizi Koordinasiya Şurasının əlaqələndiricisi seçilməyiniz münasibətilə təbrik edirik. 

-Təşəkkür edirəm, diqqətiniz üçün.

– Koordinasiya Şurası ilə bağlı qismən informasiyamız var. Bundan öncə Almaniyada da belə bir Şura formalaşdırıldı. Sizin də fikirləriniz maraqlı olardı? 

– Fransa Azərbaycanlıları Koordinasiya Şurası Fransadakı Azərbaycan diaspor təşkilatlarını əlaqələndirən bir qurumdur. Biz – Fransada fəaliyyət göstərən diaspor təşkilatları və diaspor nümayəndələri bundan sonra əlaqəli şəkildə, koordinasiya olunmuş birgə fəaliyyət göstərməyə razılaşdıq. Mən səlahiyyətlərimin icrasına bu ilin dekabrında başlayacam və 6 ay şuraya rəhbərlik edəcəm. Əslində, səlahiyyətlər deyərkən, burada əlaqələndirmədən söhbət gedir. Bütün qərarlar kollegial qəbul ediləcək, birgə müzakirələrdən keçəcək. Belə müzakirələrin təşkilində də mən bir əlaqələndirici olaraq iştirak edəcəyəm. Bütün qərarların ümumi mənafeyə xidmət etməsi bizim üçün əsas olacaqdır. Hər kəs Şurada öz təklifini, layihəsini səsləndirəcək, əsaslandıracaq, təqdim edəcək. Daha sonra isə ümumi qərar qəbul ediləcəkdir. Elə Koordinasiya Şurasının mahiyyəti də bundan ibarətdir ki, qərarlar ümumi müzakirədən keçsin. Vahid rəhbərlikdən kollegial qərar qəbuluna keçid təmin edilsin.

– Şuranın əlaqələndiricisi seçilməniz necə baş verdi? 

– Məlumat üçün bildirim ki, Fransada çox güclü diaspor təşkilatları var və fəaliyyət göstərirlər. Təbii ki, birgə fəaliyyətin daha uğurlu olacağı daha çox ehtimal ediləndir. Mənim seçilməyimə gəldikdə, burada 6 ay əlaqələndirici mən olacam, daha sonra başqa bir şəxsdə ola bilər. Yəni, bu belədir, daimi deyil və əlaqələndirici hər hansı üstünlüyə malik deyil. Əlbəttə, ilkin olaraq mənim seçilməyim, diaspor təşkilatları və nümayəndələri tərəfindən mənə ehtimaddır və çox böyük məsuliyyətdir. Mən uzun illərdir Fransa da, Nant şəhərində diaspor fəaliyyəti ilə məşğul oluram. Elə Nantın özündə çox güclü diaspor təşkilatları var, çoxsaylı soydaşlarımız yaşayır. Onlara da təşəkkür edirəm ki, mənə ehtimad göstərildi. Mən də çalışacağam ki, bu etimadı, bu məsuliyyəti doğruldum. Nəticədə biz Fransada Azərbaycan diasporunun birləşməsinə, koordinasiya olunmuş fəaliyyətinə nail olaq.

– Toğrul müəllim, artıq Şuranın əlaqələndiricisi seçilmisiz, yaxın aylarda fəaliyyətə başlayacaqsız. Sizin fikrinizcə, Koordinasiya Şurası Azərbaycan-Fransa münasibətlərinə nə verəcək?

– Əvvəla, Azərbaycan beynəlxalq hüquqi normalara hörmətlə yanaşan bütün ölkələrlə isti münasibətləri olan dünyəvi bir dövlətdir. O cümlədən, Avropanın aparıcı dövlətlərindən olan Fransa ilə də Azərbaycanın çox yaxın münasibətləri vardır. Ümid edirəm ki, Koordinasiya Şurası bu münasibətlərin daha da yaxşılaşmasına öz töhfəsini verəcəkdir.
Qeyd edildiyi ki, Fransada çoxlu sayda azərbaycanlılar var. Elə Nant və Nant ətrafı ərazilərdə 650-dən artıq ailə yaşayır ki, bu da 2000-dən çox soydaşımız deməkdir. Ümumilikdə isə, müxtəlif mənbələrdə Fransada 8000-dən çox azərbaycanlının yaşadığı qeyd edilir. İlk növbədə Koordinasiya Şurası soydaşlarımızın daha yaxşı təşkilatlanmasına kömək edəcəkdir ki, bu da ölkəmizin Fransada daha çevik təbliğinə, Fransa cəmiyyətinə daha yaxından inteqrasiyaya imkan yaradacaqdır. Təbii ki, bütün bunlar Fransa-Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirəcəkdir.

– Bundan sonrakı fəaliyyətinizdə nələr ön sırada dayanacaq? 

– Diaspor təşkilatları, bütün yerlərdə olduğu kimi, Fransada da ölkəmizi tanıtmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, mədəniyyətimizi təbliğ etmək, Azərbaycan dilini yaşatmaq və s. istiqamətlərdə fəalliyyət göstərir. Yəni fəaliyyət istiqamətimizdə hər hansı ciddi dəyişikliyin olacağını zənn etmirəm, sadəcə gücümüzü birləşdirəcəyik. Diaspor təşkilatları birgə fəaliyyət göstərəcək və təbii ki, bu halda da nəticələr daha təsirli, uğurlu olacaq.

– Fransada Azərbaycan diaspor fəaliyyətinizi necə qurmusuz?

– Bildiyiniz kimi, mən 2015-ci ildən Nant şəhərində Azərbaycan Mədəniyyət Asso-siasi¬yasının sədriyəm. Azərbaycanın təbliği istiqamətində bir çox tədbirlər həyata keçir-mişik. Bu işləri görmək üçün peşəkar komanda hər zaman vacibdir. Biz də bu vaxta kimi öz peşəkar komandamızı qorumağı bacarmışıq, bundan sonra da qoruyacağımıza və uğurlu layihələrə imza atacağımıza inanıram.

– Bildiyiniz kimi, Fransada ermənilər üstünlük təşkil edir. Diaspor sahəsində sizin gördüyünüz işlərə bədnam qonşularımız tərəfindən hər hansı maneələr olurmu? 

– Bəli, bəzi tədbirlərdə texniki problemlər yaratmağa cəhd göstərirlər. Amma qeyd etdiyim kimi, biz peşəkar komanda olaraq belə fors-major halların olacağını əvvəlcədən görür və onun qarşısını alırıq.

– Fransada diaspor sahəsində çalışan dəyərli həmvətənlərimiz çoxdur. Onlarla bir araya gəlib hansısa məsələləri müzakirə edirsizmi? 

– Təbii ki, toplantılar keçirir, görəcəyimiz işləri müzakirə edirdik. Həmçinin, soydaşlarımızın problemlərini öyrənib onu həll etməyə çalışırdıq. Amma, etiraf edim ki, bu davamlı və kütləvi deyildi, fərqli fikirlər də mövcuddur. Bununla belə, toplantı və müzakirələrimiz bundan sonra daha intensiv hal alacaqdır. Soydaşlarımız, diaspor təşkilatları ilə əlaqələr, fəaliyyətimiz planlı və sistemli formada davam edəcək, hər bir məsələdə biri-birimizə dəstək göstərməyə çalışacağıq.

– Qarabağ məsələsi hamımızın yaralı yerimizdir. İşğal faktının tanıdılması üçün hansı işləri görürsüz? Bundan sonrakı fəaliyyətinizdə Qarabağla bağlı nələr etməyi düşünürsüz? 

– Qarabağ həqiqətlərinin çatdırılması həm soydaşlarımız, həm də diaspor təşkilatları üçün hər zaman prioritet olub və bu istiqamətdə bir çox tədbirlər həyata keçirmişik. Həmçinin, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində mən deyərdim ki, yüksək səviyyədə təşkil etdiyimiz aksiyanı xüsusi qeyd etmək istəyirəm. Bu günə kimi də bədnam qonşularımız bu tədbirin şokunu yaşayır. Bu mövzu Koordinasiya Şurasını növbəti il üçün fəaliyyət proqramında prioritet məsələ olacaq

– Xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də gənc nəslin ana dili ilə bağlı problemləri olur. Bu istiqamətdə hansı işləri görməyi düşünürsüz?

– Bu məsələ ilə bağlı bir çox lahiyələrimiz var. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə də bu barədə müzakirələrimiz oldu. Gələn ilin əvvəllərində Nant şəhərində növbəti ana dili məktəbimiz açılacaq, hətta Komitə rəhbərliyi belə bir ifadə də işlətdi ki, 2019-cu ili “Nant ili” elan edəcəyik. Düşünürəm ki, məktəbin açılması Nantda dilimizin unudulmaması və yaşadılması baxımından önəmli olacaqdır.

– Və sonda. Xaricdəki diaspor rəhbərlərinin bir çoxu Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsini uğurlu seçim adlandırır. Hətta iddia olunur ki, Fuad müəllim qısa müddət ərzində diaspor sahəsində xeyli canlanma yarada bilib. Sizin yeni sədrdən gözləntiləriniz nədir?

– Bildiyiniz kimi, Fuad müəllim Dövlət Komitəsinə sədrliyindən öncə Milli Məclisinin deputatı olmaqla yanaşı, həm də beynəlxalq təşkilatlarla iş sahəsində aktiv millət vəkillərindən olub. Bu isə həm Fuad müəllimin diplomatiyanı yüksək səviyyədə bilməsinə dəlalət edir, həm də diasporlarımızın problemlərini öyrənməyə şərait yaradır. Ona görə də, Fuad müəllim Komitə rəhbəri təyin edilməmişdən öncə də diasporların, xaricdə yaşayan soydaşlarımızın problemləri haqqında dolğun informasiyası olan bir millət vəkili idi. İndi də, artıq komitə rəhbəri kimi, bu problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyətə başlayıb. Bir nüansı qeyd etmək istərdim. Fuad müəllim Nantda yaşayan soydaşlarımızla görüş keçirdi və bu insanlar ilk dəfə idi ki, dövlət nümayəndəsi ilə təmasda olurdular, ilk dəfəydi ki, məmur Nantda yaşayan soydaşlarımızla görüşürdü. Bu görüş soydaşlarımıza, sanki bir ruh verdi, onlar bunu çox yüksək əhval ruhiyyə ilə qarşıladılar.

Toğrul Zeynalov: “Nant şəhərində Azərbaycan məktəbi açılacaq”
Toğrul Zeynalov: “Nant şəhərində Azərbaycan məktəbi açılacaq”
Toğrul Zeynalov: “Nant şəhərində Azərbaycan məktəbi açılacaq”

Diaspor.az