Tənzilə Rüstəmxanlı: Bu addım Türkiyədə yaşayan və işləyən Azərbaycan türklərinə çox böyük dəstək olacaq

 

 

 

Diaspora Komitəsinin yardım təşəbbüsü qeyri-qanuni məskunlaşmış soydaşlarımızın işinə yarıyacaq.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə müvafiq sənədləri olmadan, qeydiyyata düşmədən yaşayan Azərbaycan vətəndaşlarına kömək etmək üçün işə başlayıb. Problemlərin yerində araşdırılması və həlli ilə bağlı ötən ayın sonunda Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ölkəmizin İstanbuldakı Baş Konsulluğu ilə birgə, qeyri-qanuni məskunlaşmış soydaşlarımız ilə bir sıra görüşlər keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupu tərəfindən hazırlanmış anketlər sənədi olmayan və müəyyən qaydalardan xəbərsiz vətəndaşlarmıza paylanıb.
Şəxsiyyəti təsdiq edən sənədləri olmayan həmvətənlərimiz daha çox İstanbul şəhərinin Qaziosmanpaşa bölgəsi, Rami, Eyyubsultan, Bağlarbaşı, Yıldıztabya, Barbaros, Hayreddinpaşa, Hürriyyət, Fevzi Çakmak məhəllələri, Bayrampaşa rayonunun Yıldırım, Altıntepe, Orta məhəllə, Kartaltepe, Vatan məhəllələrində yaşayırlar.

1990-cı illərin əvvəllərində Türkiyəyə köç etmiş bu insanların sənədlərinin etibarlılıq müddəti bitdiyi üçün onlar yaşadıqları yerdə bir çox hüquqlardan məhrum olub. Azərbaycan vətəndaşlığını itirən və Türkiyə vətəndaşlığı da ala bilməyən bu şəxslər etibarsız kimlik sənədləriylə gəzirlər. Onların uşaqları isə tamamilə sənədsiz yaşadığı üçün təhsil almaqdan məhrumdurlar. Bu şəxslər, eyni zamanda nikah qeydi, iş müqaviləsi və bank əməliyyatlarını edə bilmir, tibbi və hüquqi yardım almaq imkanları yoxdu. Onlar, həmçinin pensiya haqlarından faydalana bilmir, hər hansı təsirə məruz qalanda da polis bölməsinə şikayət etməkdən çəkinir və qorxduqları üçün zamanla problemləri daha da artır.
Türkiyədə yaşayan azərbaycanlıların uşaqları şəxsiyyətlərini təsdiq edən sənədinə sahib olmadıqları üçün onlar da valideynləri kimi ən təbii haqq və azadlıqlardan məhrum olublar.
Vətəndaşlıqlarını itirmiş və Türkiyə vətəndaşlığı ala bilməyənlər, vətənlərinə də geri dönə bilmirlər. Bu səbədən də, Türkiyə Respublikasının dövlət orqanlarının onlara şəxsiyyəti təsdiq edən sənədlər təqdim etməsi qeyri-mümkün hala gəlib.
Türkiyədə uzun illərdir yaşayan soydaşımız Sədai Nəcəfli də eyni problemlərlə qarşılaşıb. Vətəni çox sevdiyini deyən Sədai ilk dəfə Türkiyədə yaşamağa 2001-ci ildə gəlib, 2009-cu ildə isə hərbi xidmət keçmək üçün vətənə – Azərbaycana qayıdıb. Vətənə xidməti başa vurduqdan sonra – 2011-ci ildə Türkiyədə yaşayan anasının yanına dönüb. O ildən sonra Sədai Türkiyədə qısa və uzunmüddətli yaşamaq icazəsi olmadan qalmağa başlayıb. Burda başqa bir Azərbaycan vətəndaşı ilə ailə həyatı qurub və iki övladı var.
Bu illər ərzində rəsmi oturmaq üçün Türkiyə dövlətinin müvafiq qurumlarına baş vurmamasının səbəbinə gəldikdə isə həmyerlimiz əvvəllər oturma izni anlayışından xəbərsiz olduğunu deyib: “Yaşadığımız müddətdə hər hansı problem yaranmadı. Belə davam edirdik və bir gün pasportumun müddəti bitdi. O vaxt xəstələnmişdim və əməliyyat olundum. İlk çətinliyi onda yaşadım. Oturmaq üçün icazə almaq lazım olduğunu öyrənəndə, maddi gücüm çatmadı, xəstəlik və s. problemlərlə üzləşdim. Bir də gördüm ortadayam və mən hər iki ölkədən kənarda qalmışam”.
Hazırda Sədai Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu işlərlə əlaqədar yaradılan işçi qrupuna ümid bəsləyir. Ümid edir ki, həm övladlarına, həm də özünə yenidən Azərbaycanın rəsmi kimlik sənədlərini ala biləcək. Nəticədə Türkiyə dövlətinin əfvinə düşəcək və qardaş ölkədə bundan sonra həyatına rəsmi sənədlərlə davam edəcək.
Əvvəllər bizimlə heç maraqlanan yox idi. İlk dəfədir ki, komitə və konsulluq belə bir təşəbbüs göstərib. Bu, bizləri çox sevindirdi. Komitə üzvləri bizimlə görüşəndə hər şeylə dəqiq maraqlanıblar və konsulluqda onlara ətraflı məlumat verilib. İnanırıq ki, bu iş qardaş ölkədə yaşayan minlərlə vətəndaşımıza kömək olacaq.Azərbaycan Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupunun atdığı addımları müsbət dəyərləndirib: “Türkiyədə sənəd problemi yaşayan həmyerlilərimizin qeydiyyata salınması, sənəd problemlərinin həll olunması təqdirəlayiqdir. Sözün açığı, Türkiyədə yaşayan azərbaycanlıların bu problemi çoxdan həll olunmalı idi. Dünyanın bütün ərazilərindən gəlib Türkiyədə yaşayan insanlar 3-5 günə vətəndaşlıq alır. Ancaq illərlə orada yaşayan azərbaycanlılar oturum izni ala bilmir. Ona görə də Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupunun bu addımı Türkiyədə yaşayan və işləyən Azərbaycan türklərinə çox böyük dəstək olacaq”.

Eyni problemlə tək Türkiyədə deyil, başqa ölkələrdə yaşayan azərbaycanlıların da üzləşdiyini vurğulayan T.Rüstəmxanlı hesab edir ki, ilk olaraq Türkiyədə yaşayan azərbaycanlıların problemi həll olunmalıdır: “Sözsüz ki, hər bir ölkənin özünün qanunları var. Avropa ölkələri ilə bu istiqamətdə danışıqlar aparmaq Türkiyədəki qədər asan deyil. Həm də bizim əhalinin böyük bir qismi Türkiyədədir. Onların hər birinin qeydiyyat məsələsi aradan qalxdıqdan sonra digər ölkələrdə yaşayan vətəndaşlarla bağlı da analoji addımları atmaq olar”.

Millət vəkili Tahir Kərimli son vaxtlar Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin aktivləşdiyi qənaətində olduğunu deyib. Onun sözlərinə görə, komitə xaricdə yaşayan soydaşlarımızın müxtəlif problemlərilə bağlı ciddi işlər görməyə təşəbbüs edir və müvafiq addımlar atır: “Sevindirici haldır ki, bu istiqamətdə atılan addımlardan ilki də qardaş Türkiyədə reallaşmaqdadır. Fuad Muradov özü hüquqi qaydaları çox gözəl bilir. Yaranmış problemlərin aradan qaldırılmasında onun müsbət töhfə verəcəyinə inanıram. Məsələ burasındadır ki, xaricdəki azərbaycanlılar əcnəbi və vətəndaşlığı olmayan şəxslər statusundadırlar, yaxud sənədsizdirlər. Bu isə onlara əlavə problemlər və gərginliklər yaradır, hətta yaşadıqları ölkələrdən deportasiya olunmalarına qədər gedib çıxır”.

T.Kərimli hesab edir ki, Daxili İşlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsi, Xarici İşlər Nazirliyi, Miqrasiya Xidmətilə kompleks tədbirlər həyata keçirmək lazımdır ki, görülən işlər daha effektiv olsun. “Məsələlərə həm ölkə içindən, həm də xaricdən dəstək verilməlidir. Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın çoxluq təşkil etdiyi ölkələrin səfirliklərilə də əlaqələri genişləndirməlidir. Səfirliklərin xüsusi xidməti araşdırma aparmalı, belə vətəndaşları müəyyən etməlidir. Bəzən hansısa ölkədə baş verən təyyarə qəzasında ölənlər olur. Biz onların arasında həmvətənimiz olub-olmadığını müəyyən etməkdə çətinliklərlə qarşılaşırıq. Ona görə də problemlərin həlli üçün qeydiyyat və pasport məsələsi öncəlik təşkil edir”.
Diaspor.az