Rusiya DİN-dən erməni və Azərbaycan diasporuna XƏBƏRDARLIQ

Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsində Azərbaycan və Ermənistan diaspor nümayəndələri ilə görüş keçirilib.Bu barədə APA-nın Moskva müxbirinə Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev məlumat verib. O bildirib ki, bu gün Baş İdarədə hüquq-mühafizə orqanlarının nümayəndələri Azərbaycan və Ermənistan diasporunun üzvləri ilə görüşüblər: “Görüş zamanı mayın 9-da Moskvada keçiriləcək “Ölməz alay” ümumxalq yürüşündə təhlükəsizliyə riayət olunması müzakirə edilib. Azərbaycan və Ermənistan diasporunun nümayəndələrinə yürüş günü ötənilki kimi, qarışıqlığa gətirib çıxaracaq təxribat ola biləcəyi ilə bağlı narahatlıq bildirilib. Rusiya DİN Baş İdarəsinin nümayəndələri deyiblər ki, DİN rəhbərliyi və “Ölməz alay” təşkilat komitəsinin əmirinə əsasən yürüşə Böyük Vətən müharibəsinə dəxli olmayan bayraqlar, simvollar və atributlar gətirmək qadağandır. Bunu etməyə çalışan şəxslərdən həmin əşyalar, simvollar alınacaq. Yalnız Rusiyanın bayrağı, Qələbə simvolu və Böyük Vətən müharibəsi veteranlarının portretlərini gətirməyə icazə verilib”.


Ş. Tağıyev Azərbaycan diasporunun üzvlərinə müraciət edərək “Ölməz alay” yürüşü zamanı onları qanun-qaydaya riayət etməyə çağırıb.

Diaspor.az