Romalı aristokrat Qay Tsilni Mesenat incəsənət adamlarının hamisi olub

“Mesenat” ümumi sözdür. Xeyriyyəçiliklə məşğul olan, elmə və incəsənətə maddi yardım göstərən insanları belə adlandırırlar. Amma çox az adam bilir ki, bu söz xüsusi isimdən yaranıb.

AZƏRTAC xəbər verir ki, eramızdan əvvəl yaşamış romalı patrisi Qay Tsilni Mesenat tarixdə ilk mesenat olub. O, e.ə. 74-64-cü illər arasında (versiyalardan birinə görə, e.ə. 70-ci il aprelin 13-də) imtiyazlı atlılar zümrəsindən olan kübar ailədə anadan olub. Qatı mütləqiyyətçi olduğuna görə tez bir zamanda sonralar imperator Avqust kimi tanınacaq Oktavianın yaxın çevrəsinə daxil olub və hər sahədə onu dəstəkləyib. Mesenat imperatorun üzləşdiyi problemləri asanlıqla həll edə bildiyi üçün qısa müddətdə dövlətin ikinci simasına çevrilib, məsələn, xalq həyəcanlarını yatırmaqda, sui-qəsdlərin üstünü açmaqda, opponentləri ilə ümumi dil tapmaqda ona kömək göstərib və bütün bunları heç bir dövləti vəzifə daşımadan edib. Avqust Romada olmayanda, çox vaxt vəzifə səlahiyyətlərini Mesenata etibar edirmiş.

Maraqlıdır ki, Qay Tsilni heç vaxt hökmdara yaltaqlıq etməyib, hətta imperatorun mövqeyinə daban-dabana zidd olsa belə, doğru bildiyi sözündən heç vaxt dönməyib. Daha maraqlısı isə budur ki, Mesenat hökmdarı nəyəsə inandırmaq üçün sözlərini ağına-bozuna baxmadan deyirmiş, hətta əsəbiləşəndə gözü heç kimi görməyən Avqustun qəzəbini yatıra bilirmiş. Tarixdən məlumdur ki, bir dəfə Avqust Mesenatın sayəsində ölüm hökmlərini imzalamayıb, çünki ədalətli dostu “Yetər, qəssab!” sözləri ilə onu bu işdən çəkindirib.

Mesenat incəsənət vurğunu olub. Vaxtilə onun dəbdəbəli sarayının ucaldığı Eskvlin təpəsində qazıntılar zamanı çox dəyərli incəsənət əsərləri tapılıb. Onun incəsənətə sevgisi təkcə kolleksiya toplamaqda özünü büruzə verməyib. Mesenat ədəbi məclisin əsasını qoyub, burada mehriban və nəcib ab-hava yaradıb. İstedadları axtarıb tapmaq və onları görmək məharəti sayəsində tezliklə öz məclisində dövrünün say-seçmə şairlərini toplayıb. Məsələn, Vergili, Horatsi və bir çox digər istedadlar həmin məclisin üzvü olublar. Onlar Mesenatı öz əsərlərində tərənnüm ediblər. O da öz növbəsində yetirmələrinə atalıq qayğısı göstərib, onları hər cür dəstəkləyib, qoruyub, rifahlarının qeydinə qalıb, onlara mülklər bəxş edib. Mesenat ölüm yatağında olanda Horatsini himayəyə götürməsini Avqustdan xahiş edib.

Qay Tsilni Mesenat eramızdan əvvəl 8-ci ilin oktyabr ayında dünyasını dəyişib. Amma indiyədək adı onun həyatda nə ilə şöhrət qazandığını ifadə edir: istedadlara himayə.

DİASPOR.AZ