Prezident oyunda yıxıldı, komanda rəsmilərini həbs etdirdi

Futbol üzrə Burundi çempionatında maraqlı hadisə yaşanıb.

7News.az xəbər verir ki, aşağı divizionda keçirilən “Haleluya” – “Kiremba” matçında futbol “xəstə”si olan Burundi prezidenti Pyer Enkurunziza da oyunçu kimi iştirak edib.

Oyundan sonra “Kiremba”nın inzibatçısı Siriak Enkezabahizi və onun köməkçisi Mişel Mutama həbs olunub. Səbəb kimi o göstərilib ki, hər iki şəxs ölkə prezidentinə qarşı sui-qəsd etmək istəyiblər.

Qeyd edək ki, “Kiremba”nın heyəti konqolu qaçqınlardan ibarət olub. Komanda rəhbərliyinə qarşı tərəfdə ölkə prezidentinin oynadığını, hətta ona qol vurmağa imkan verilməsinə dair xəbərdarlıq edilib. Lakin konqolu futbolçular bundan xəbərsiz olub. Onlar ölkə prezidentinin ayağında top olarkən ona bir neçə dəfə hücum edib, hətta onu bir neçə dəfə yıxıblar.

Onu da bildirək ki, Pyer və Enkurunziza və onun başçılıq etdiyi hökumət ötən il BMT tərəfindən Burundidə insanlıq əleyhinə cinayətlərdə ittiham olunub.

DİASPOR.AZ