Lukaşenko Paşinyanı başından elədi – Azərbaycana silah satışı davam edəcək

Mayın 16-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Nümayəndə heyətləri Belarus hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər. Tərəflər habelə hərbi-texniki əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə edərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər.

Diqqətçəkicidir ki, Azərbaycan Müdafiə Nazirliyində görüş Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın yeni baş naziri Nikol Paşinyan arasında mayın 14-də Soçidə Avrasiya İqtisadi Birliyinin toplantısı çərçivəsində reallaşan ilk görüşdən cəmi bir neçə gün sonra baş tutub. Həmin görüş zamanı Paşinyan Lukaşenkoya Belarusun Azərbaycan silah satmasından şikayətlənmiş, eyni zamanda bununla bağlı Ermənistanı narahat edən bütün suallar səslənmişdi. Paşinaynın sözlərinə görə, Lukaşenko suallara “normal” cavablar verib.

Lukaşenko Paşinyanı başından elədi – Azərbaycana silah satışı davam edəcək

Göründüyü kimi, Belarus erməni baş nazirini başından edib və onun xahiş-minnətinə rəğmən, Azərbaycan hərbi-texniki əməkdaşlığı zəiflətmək və ya dayandırmaq niyyətində deyil. Əksinə, Azərbaycana əsas silah satıcılarından biri olaraq qalmaq niyyətindədir.

Musavat.com xatırladır ki, Rusiyanın “Kommersant” nəşri az öncə yazmışdı ki, 2018-ci ildə Belarus kontrakt çərçivəsində ilk partiya – 10 ədəd “Polonez” müasir reaktiv yaylım atəş sistemi (RSZO) tədarük edəcək və ehtimali sifarişçi kimi Azərbaycanın adını çəkmişdi. “Azərbaycanın müdafiə naziri artıq Belarusda olub və sistemlərlə tanışlıq həyata keçirib. Mənbələrimiz deyir ki, belə bir kontrakt Ermənistanda neqativ qarşılanacaq”, – deyə nəşr qeyd eləmişdi.

Əlavə edək ki, “Polonez” Rusiyanın Ermənistanda yerləşdirdiyi “İsgəndər” uzaq mənzilli raket sistemlərinin analoqu sayılır.

İnterpress.az