Azərbaycanlı tələbə Tiflisdə yoxa çıxıb

Gürcüstanda təhsil alan azərbaycanlı tələbə, 1998-ci il təvəllüdlü İsgəndərov Tağı 4 gündür ki, yoxa çıxıb.

Bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.

T. İsgəndərov Tiflisdə universitetlərin birinin II kurs tələbəsidir. O, stomatologiya ixtisasında təhsil alır. Mingəçevir şəhər sakinidir.

Sonuncu dəfə şəhərdə kazinoların birinə girərkən kameralarda görünüb. Kazino rəhbərliyi isə onun məkanda olarkən və çıxarkən əks olunan görüntülərini polisə təqdim etmir. Polis də tələbənin axtarılmasına biganə yanaşır.

20 yaşlı tələbənin mobil telefonunun isə lombardların birinə girov qoyulması haqda ailəsinə məlumat verilib. Lakin ailəsinin bildirdiyinə görə, telefonu lombarddan polisin müraciəti əsasında almaq mümkündür. Polis isə bu işə səthi yanaşır və axtarışlar aparmır.

Qeyd edək ki, hazırda T. İsgəndərovun valideynləri Tiflis şəhərindədir.

Diaspor.az