“Azərbaycan müstəqilliyinə görə Nuru Paşaya borcludur”— ATXƏM sədri ilə MÜSAHİBƏ

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılovun Ölkə.Az xəbər portalına müsahibəsi:

– İlham müəllim, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 illik yubileyinin təntənəli qeyd edilməsi təklifini ən birinci qaldıran şəxslərdən biri sizsiniz.Ötən ay Bakının işğaldan azad edilməsinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradı necə qiymətləndirirsiz?

–Bilirsiniz ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 ili tamam oldu. Möhtərəm Prezident İlham Əliyev də AXC-nin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması barədə müvafiq sərəncam imzalayıb.Bu Sərəncam qarşımızda mühüm vəzifələr müəyyənləşdirdi.
Qeyd etmək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütövlükdə Şərq aləmi üçün müstəsna hadisədir.Tanrı bizə o xöşbəxtliyi nəsib edib ki, biz Şərqdə ilk demokratik respublikanı, parlamenti quranların varisləriyik.Biz bununla fəxr edirik.Elə etməliyik ki, bu irsə varisliyimizi əməli nümunələrdə göstərək.

Düşünürəm ki, həm cənab Prezidentin Sərəncamı, eləcə də keçirilən və gələcəkdə keçiriləcək digər tədbirlər cəmiyyətimizdə Xalq Cümhuriyyətinə, onun liderlərinə vahid münasibətin formalaşmasına mühüm töhfə verəcəkdir.Bu, son dərəcə vacibdir. Çünki indiyədək hələ də Cümhuriyyət liderlərinin tariximizdə oynadığı rola mübahisəli yanaşanlar var. Əlbəttə, istənilən prosesə münasibətdə elmi mübahisələr hər zaman ola bilər. Ancaq belə mübahisələr sırf elmi mahiyyət daşımalıdır, siyasi konyukturadan uzaq olmalıdır.

Mən əminəm ki, dövlət rəhbərliyinin Cümhuriyyətin tariximizdəki rolunu fundamental qiymətləndirməsi həm bu istiqamətdəki mənasız ritorikanı aradan qaldıracaq, həm də Cümhuriyyət dövrü tarixinə vahid münasibətin formalaşmasında həlledici rol oynayacaq.
Eyni zamanda 2018-ci ildə Azərbaycanda “Cümhuriyyət ili” elan edilib. Bu il ərzində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir sıra əhəmiyyətli tədbirlər keçirilib. Bunların arasında möhtəşəm hərbi paradların keçirilməsini xüsusi qeyd etmək lazımdır.Bu silsilədən olan tədbirlərdən biri də sentyabrın 15-də “Azadlıq” meydanında Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə təşkil olunan hərbi parad oldu.Bu paradda Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın da iştirakı tarixi hadisə idi.Düşünürəm ki, birgə hərbi paradın keçirilməsi Nuru Paşanın və onunla bərabər Bakını işğaldan azad etmək üçün döyüşən döyüşçülərin ruhuna ən böyük hörmət idi.Hər birimiz bunu arzu edirdik və şükürlər olsun ki, bu reallaşdı. Artıq dünya da gördü ki, Azərbaycan və Türkiyə 100 il əvvəl necə bir olubsa, bu gün də bu birlik uğurla davam edir.

Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin təbliğ olunmasında, diaspora təşkilatlarının inkişaf etdirilməsində də böyük işlər görüb.Odur ki, xaricdə yaşayan azərbaycanlılar da İlham Əliyevi özlərinin alternativsiz lideri görür, onun apardığı siyasi kursu birmənalı olaraq dəstəkləyirlər.
Çox təəssüf ki, Azərbaycan 70 il Sovet İttifaqının tərkibində olduğu dövrlərdə Nuru Paşa və onun başçılıq etdiyi Qafqaz İslam Ordusu ilə bağlı insanlarımıza məlumat verilməsi, bu tarixdən bəhs edilməsi yasaqlanmışdı. Ancaq bütün qadağalara baxmayaraq, Azərbaycan xalqı bu tarixi unutmurdu.
Sovet İttifaqı dövründə Qafqaz İslam Ordusu Azərbaycan əhalisinə “istilaçı” kimi təqdim və təbliğ olunurdu.Ancaq Azərbaycan xalqı Qafqaz İslam Ordusunun xilaskar ordu olduğunu gözəl bilirdi.Ona görə də Nuru Paşa və Qafqaz İslam Ordusu azərbaycanlıların qəlbində daim yaşadı.Yəni, Sovet İttifaqı 70 ildə bu tarixi azərbaycanlıların içindən silə bilmədi.

Yaxşı yadıma gəlir, mən Nuru Paşa, Ənvər Paşa, Tələt Paşa haqqında fikirləri ilk dəfə babamdan eşitmişdim.Çünki babam Orucəli İsmayılov onlarla birgə döyüşlərdə iştirak etmişdi.Babam onların Azərbaycana böyük yardımlar etdiyini və azərbaycanlıları qırğınlardan xilas etdiyini deyirdi.Sonrakı dövrlərdə mən də dərk etdim ki, doğrudan da Qafqaz İslam Ordusu olmasaydı, ermənilər azərbaycanlılara qarşı daha çox kütləvi qırğınlar törədəcəkdi.Baxmayaraq ki, 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etmişdi. Ancaq dövlətin gücü yox idi.Hətta, Xalq Cümhuriyyətinin pulu olsaydı belə, hərbçilər yetişdirməyə və Milli Ordunu formalaşdırmağa zaman lazım idi. Bütün bunları nəzərə alan Xalq Cümhuriyyəti Osmanlı hökumətinə müraciət etdi. Azərbaycanlıların dar gündə olduğunu görən Osmanlı rəhbəri Nuru Paşanı kömək üçün Azərbaycana göndərdi.Əgər Qafaz İslam Ordusu Azərbaycana köməyə gəlməsəydi və Bakını azad etməsydi, bu gün nə müstəqil Azərbaycan dövləti, nə də bu xalq olmayacaqdı.Çünki həmin dövrdə erməni-bolşevik birləşmələri müsəlman və türk əhalisi olan azərbaycanlıları kütləvi soyqırıma məruz qoyurdu.Bizim ən çətin vaxtımızda qardaş Türkiyə köməyimizə gəldi və işğalçıları süquta uğratdı.

1920-cu ildə bolşeviklər bizi işğal edən zaman artıq Azərbaycan 15 respublikadan biri kimi SSRİ tərkibinə daxil edilmişdi.1991-ci ildə də məhz buna görə biz müstəqilliyimizi əldə edə bildik.Əgər 1918-ci ildə Nuru Paşa Bakını işğaldan azad etməsydi və Xalq Cümhuriyyəti yaranmasaydı, Bakını Rusiyaya bağlı əyalət mərkəzi edəcəkdilər.Bununla da Azərbaycanın 1991-ci ildə müstəqilliyini qazanması çox çətin olacaqdı.Biz bütün bunlara görə Nuru Paşaya, Qafqaz İslam Ordusuna borcluyuq.Cənab Prezident də çox doğru olaraq bu günkü müstəqil Azərbaycan Respublikasını Xalq Cümhuriyyətinin varisi adlandırır.Həqiqətən də Qafqaz İslam Ordusu gəlməsəydi, Xalq Cümhuriyyəti olmayacaqdı, elə kağız üzərində adı qalacaq, dağılıb gedəcəkdi.Yəni, Xalq Cümhuriyyətinin Nuru Paşanın yardımı olmadan fəaliyyəti mümkün deyil idi.

Ötən əsrin 90-cı illərində Sovet İttifaqının dağılması prosesini orta nəslin nümayəndələri yaxşı xatırlayır.Oxşar hadisələr Çar Rusiyası dağılan zaman da baş verirdi.SSRİ dağılan zaman olduğu kimi, Çar Rusiyası dağılan zaman da ermənilər vəziyyətdən sui-istifadə edərək Azərbaycan əhalisinə hücumlar və plan quraraq torpaqları işğal etməyə başladılar.Necə ki, ermənilər 1915 və 1918-ci illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində soyqırımlar törədirdilər.
1988-1993-cü illərdə də ermənilər təkrar Xocalıda və digər rayonlarımızda soyqırımlar törətdilər. Yüz il əvvəl daha dəhşətli idi. Çünki o dövrdə indiki kimi informasiya yayılması imkanları yox idi və xəbərlər gec yayılırdı.

Ümumiyyətlə, ermənilər bütün dövrlərdə azərbaycanlılara qarşı xaincəsinə mübarizə aparıblar.Təbii ki, bütün bunlar tarixi həqiqətlərdir.
Ötən əsrin 90-cı illərindən sonra Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf etməyə başladı.Mən də məhz bu məqsədlə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini təsis etdim.Bir bir nömrəli məqsəd kimi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsələsini qarşıya məqsəd qoyduq.Fəaliyyətimiz dövründə Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ və digər məsələlərin dünyaya tanıdılması üçün səylərimizi hazırda da davam etdirik.

Ümumiyyətlə, ATXƏM olaraq biz Nuru Paşanın və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tanıdılması ilə bağlı bir sıra işlər həyata keçirmişik.Cənab Prezidentin qarşımıza qoyduğu ən mühim vəzifələrdən biri Azərbaycan həqiqətlərinin təbliği ilə bağlıdır.Möhtərəm Prezidentimizin Azərbaycan həqiqətlərinin təbliğ olunmasında, diaspora təşkilatlarının inkişaf etdirilməsində də böyük işlər görür.Odur ki, xaricdə yaşayan azərbaycanlılar da cənab İlham Əliyevi özlərinin alternativsiz lideri görür, onun apardığı siyasi kursu birmənalı olaraq dəstəkləyirlər.

“100 il əvvəl Azərbaycanın xoşbəxtliyini Rusiyada görmək istəyənlər məhz ilk repressiyaya məruz qalanlar olub” 

– Bəzi millət vəkilləri və ziyalılar Qafqaz İslam Ordusunun Azərbaycana heç də kömək etmək üçün gəlməməsini iddia edirlər. Bu cür fikirlərə münasibətiniz necədir?

–Doğrudur, bəzi adamlar Qafqaz İslam Ordusunun və Nuru Paşanın Azərbaycan üçün rolunu ziflətməyə çalışırlar. Onların Azərbaycana etdiyi yardımıarı inkar etmək mümkün deyil.Bu tarixdir.

Təbii ki, biz Azərbaycan Milli Ordusu ilə qürur duyuruq. Ancaq 1918-ci ildə Milli Ordumuz ola bilməzdi. Əgər doğrudan da Milli Ordumuz var idisə, bəs qırğınların qarşısını niyə almırdı?Bakı və digər şəhərlərimizdə insanları kütləvi şəkildə öldürürdülər.Bakı küçələrində qan su yerinə axırdı.Bəs harada idi həmin Milli Ordu?

O dövrdə pərakəndə milli özününümüdafiə dəstələri var idi. Həmin dəstələr də nəyə gücləri çatırdısa, onu da edirdilər.Ancaq onlar nizami Milli Ordu deyildi.
Bilirsiniz, bu cür fikirlərlə bəzi şəxslər cəmiyyəti çaşdırır.Bununla da heçnəyi sübut etmək mümkün deyil.Əgər onlar bunu kiməsə xoş görünmək üçün deyirlərsə, bu da çıxış yolu deyil.Bu gün Rusiyadan olan alimlər belə gəlib baxıb etiraf edirlər ki, bəli, doğrudan da erməni-bolşevik dəstələri Bakıda qan töküblər.Həmin adamların özləri belə keçmişdə törədilənlərə nifrət edirlər.Bu səbəbdən də Nuru Paşa və Qafqaz İslam Ordusunu aşağılayan fikirlər səsləndirən şəxslər kimə yarınmaq istəyirsə, onlar heç zaman istəklərinə çata bilməyəcək. Onlar bilsinlər ki, 1918-1919-cu illərdə bolşeviklərin gəlməsini alqışlayanlar və Azərbaycanın xoşbəxtliyini Rusiyada görmək istəyənlər, başda Nəriman Nərimanov, Əliheydər Qarayev, Çingiz İldırım, Həmid Sultanov, Əli Bayramov olmaqla, sonradan ilk repressiyaya məruz qalanlar olublar. Çünki öz xalqının, millətinin xoşbəxtliyini istəməyən adam, başqasını heç zaman istəməz. O dövrdə də belə düşüncə vardı ki, əgər bu adamlar öz xalqını satırlarsa, deməli bunu istənilən an edəcəklər. Ona görə də Sovet İttifaqı dövründə birinci bu adamlar repressiyaya məruz qalıblar.

Baxın, bu gün bu Azərbaycan və Türkiyə dövlət rəhbərləri arasında bir ənənə halını alıb.Cənab Prezident İlham Əliyev seçiləndən sonra ilk səfərini Türkiyəyə, Türkiyə prezidenti isə Azərbaycana edir. 100 il əvvəl Nuru Paşa da bunu arzu edirdi. Onların ruhu bu gün şaddır.Çünki Azərbaycan və Türkiyə münasibətləri ən yüksək səviyyədədir.Ona görə də biz çox sevinirik ki, bu əlaqələrin inkişafında və həqiqətlərin üzə çıxmağında ATXƏM-in də müəyyən rolu var. Biz bununla qürur hissi keçiririk.Çünki Azərbaycanda Qafqaz İslam Ordusu və Nuru Paşa ilə bağlı rəsmi və qeyri-rəsmi tədbirlərə ilk dəfə biz təşkil etmişik, bu barədə mediada da geniş məlumatlar vermişik.Hətta, Qafqaz İslam Ordusu ilə bağlı mövzuları müzakirə edəndə bizə sual verirdilər ki, 15 sentyabr nə günüdür?Biz də bir çox dostları aparıb Türk məzarlığını göstərirdik və onlara bu tarixdən bəhs edirdik.İndi həmin təşkilatlar bizə təşəkkür edirlər.

“Hərbi parad Nuru Paşaya Bakıda heykəlin qoyulacağına əminliyimi daha da artırdı”

– Bakıda Nuru Paşanın heykəlinin ucaldılması təklifilə də çıxış etmisiniz.Bu istiqamətdə hansı işlər görülür?

–Bəli, Nuru Paşaya heykəl məsələsi artıq qaldırılıb. Ancaq bu heykəl qəlblərdə 100 il əvvəl qoyulub. Mən bayaqdan söylədim ki, Sovet İttifaqı dövründə Nuru Paşa bizə qadağan edilmişdi.Ancaq qəlblərdə yaşadıldı.Sadəcə olaraq qəlblərdə olan bu heykəl reallıqda da ucaldılmalıdır.İnanıram ki, ən yaxın zamanda bu da olacaq.Sentyabrın 15-də keçirilən hərbi paraddan sonra Nuru Paşaya Bakıda heykəlin qoyulacağına əminliyim daha da artdı.Bu parad çox yüksək səviyyədə təşkil olunmuşdu.Hər kəs buna görə cənab Prezident İlham Əliyevə təşəkkür etdi.Mən də fürsətdən istifadə edib cənab Prezidentimizə öz təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, hər kəsin arzu etdiyi bir məsələni reallaşdırdı.
Eyni zamanda qeyd edim ki, müharibə aparan bir dövlət üçün hərbi paradın keçirilməsi çox vacib məsələdir.Bu hərbi parad da həm işğalçı Ermənistana, həm də onu himayə edən dövlətlərə bir mesaj oldu.

“Dövlət sirrinin yayılmasına görə tətbiq edilən cəza bəzi saytlara da şamil olunmalıdır”

– Bir neçə aydır ki, Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib. Diasporamızın indiki vəziyyətini necə qiymətləndirirsiz?

–Bilirsiniz ki, ATXƏM də diaspora quruculuğu və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün ciddi fəaliyyət göstərir.Bizim qarşıya qoyduğumuz məsələlərdən biri də ortaq türk tarixi və mədəniyyətinin təbliğidir.Bütün bunları dünyaya çatdırmaq üçün bir sıra qurumlarla yaxından əməkdaşlıq edirik.Bu gün Azərbaycan daha çox Avropaya inteqrasiya edir.Ona görə də biz Avropa ilə işimizi daha da genişləndiririk, Avropada uzun illərdən bəri fəaliyyət göstərən diaspora təşkilatları ilə fəal əməkdaşlıq edirik.Nəticədə isə ATXƏM böyük diaspora fəaliyyəti həayata keçirir.
Bilirsiniz, diaspora işi aparmaq üçün mütləq ideoloji xətt olmalıdır.Bu gün işğalçı ermənilərin ən böyük gücü də məhz ideologiyasıdır.Hər bir erməni siyasi mövqeyindən və maddi durumundan asılı olmayaraq bu ideologiyaya xidmət edir.Azərbaycanda da diaspora fəaliyyətini ideoloji gücə çevirmək vacibdir.
2001-ci ildə mərhum president Heydər Əliyev Dünya Azərbaycanlılarının Birinci Qurultayını keçirərək, dövlətin ideologiyasını ortaya qoymuşdu.Bu ideologiyadan da Diasporla İş üzrə Dövlət Komitəsi yarandı.Bu komitə dövlətimizin siyasətini aparır.
Təbii ki, müstəqil ictimai təşkilatların olmağı vacibdir. Biz də ictimai təşkilat olaraq dövlətin xəttinə paralel iş aparmalıyıq. Ümumiyyətlə, diaspora fəaliyyətində heç bir zaman fikir ayrılığı olmamalıdır.Fikir ayrılığı ümumi işə ziyan gətirir.Nəticədə isə düşmənlər bundan istifadə edirlər.
Bu gün diaspora təşkilatlarının birliyinə böyük ehtiyac var. Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovun bu sahədə başlatdığı işlərin uğurlu nəticələrə nail olunacağına inanıram. Çünki Fuad müəllim bu sahəyə bələd olan adamdır.Elə mənim onunla yaxın tanışlığım da “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirdə olub.Həmin vaxt Fuad Muradov Milli Məclisin deputatı kimi bizim Strasburqda keçirdiyimiz tədbirlərə qatılmışdı.Buna görə də hesab edirəm ki, Fuad Muradov modern düşüncəli, beynəlxalq təşkilatlarla əlaqəsi olan gənc və savadlı kadr kimi diaspora sahəsində də mövcud olan bəzi problemlərin aradan qalxmasına nail olacaq.Düşünürəm ki, onun gəlişi Komitədə işlərin müsbət istiqamətdə gedişinə təsir edəcək.

Diaspora işi ilə məşğul olan bir insan kimi mənim də əsas istəyim odur ki, vahid ideya ətrafında birləşərək torpaqlarımızın işğaldan azad edilməsinə nail olaq, Vətənimizin və Türk dünyasının bütövlüyünü qoruyaq. Bunun üçün kifayət qədər təcrübəli diaspora rəhbərlərimiz var. Misal üçün, Niderland Krallığında Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, Azərbaycan -Belçika Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi kimi şəxslər bir neçə saat ərzində 100-dən çox adamı hər hansı mitinqlərə yığa bilirlər. Dünya təcrübəsində küçə yürüşləri, mitinqlər və etiraz aksiyaları da bir təsir vasitəsidir.Bu cür adamlardan yararlanmaq lazımdır.

Diaspora işini aparmağın ən yaxşı vasitələrindən biri də mediadır.Media ilə sıx işləmək lazımdır.Xaricdə yaşayan soydaşlarımız çalışıb həmin ölkələrin parlamentlərinə düşməlidir, fəal olmalıdır.Biz bütün parametrlər üzrə ermənilərdən üstünük.Sadəcə olaraq ermənilərin bəzi sahələrdə şəxsi fəallığı var. Ermənilər heç zaman diaspora işində maddiyat güdmürlər.Təsəvvür edin ki, sıravi ermənilər belə gedib pul toplayıb Ermənistan büdcəsinə yardım edirlər. Ancaq Azərbaycanın bəzi diaspora təşkilatları iş görmək istəyəndə Azərbaycan dövlətindən pul istəyirlər. Onsuz da Azərbaycan dövləti imkan daxilində diaspora təşkilatlarına yardım edir.Daha dövlətdən nə isə ummaq düzgün deyil.Kimsə diaspora işinə vəsait xərcləyirsə də, bunu vətəndaşlıq borcu hesab etməlidir.Hər kəs Dövlət Komitəsindən nəsə maddi yardım gözləsə, bu yenə də problemlər yaradacaq, gördüyümüz işlərin effekti olmayacaq.Komitənin dəstəyi təşkilatları koordinasiya etməkdir.

Bu gün Avropa ölkələrində yüzlərlə tələbəmiz Azərbaycan dövlətinin vəsaiti hesabına təhsil alır.Bəzən biz xaricdə Qarabağla bağlı tədbirlər keçirəndə həmin tələbələrə əvvəlcədən müraciət edirik ki, filan vaxtı 1-2 saat gəlib tədbirdə dayanın, əlinizdə bayraq tutun və sairə.Hətta, biz həmin tələbələri yeməklə də təmin edirik.Ancaq tələbələrin əksəriyyəti gəlmir.
Bəzən diaspor təşkilatları arasında fikir ayrılıqları, incikliklər olur.Bu fikir ayrılıqları bəzi saytlarda tirajlanır və ermənilər bundan öz xeyrlərinə yararlanırlar.Ümumiyyətlə, bu cür xəbərləri tirajlamaq doğru hərəkət deyil.Bu düşmən dəyirmanına su tökməkdir.

Bu gün Avropa Azərbaycanlıları Konqresi kifayət qədər güclü fəaliyyət göstərir.Mən də bu təşkilatın Mərkəzi Şurasının üzvüyəm.Bu gün Avropa Azərbaycanlıları Konqresi yüzlərlə diaspora təşkilatını özündə birləşdirir.Çox təəssüf ki, bəzən kimlərsə bilərəkdən və ya bilməyərəkdən Avropa Azərbaycanlıları Konqresi daxilində fikir ayrılığı yaratmağa çalışır.Bəzi saytlar isə həmin məsələləri tirajlamaqla görülən işlərə zərbə vurmuş olurlar.Mən Avropa Azərbaycanlıları Konqresinin son Qurultayında da iştirak edirdim. Çox sağ olsun ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi hörmətli Əli Həsənov da həmin Qurultayda çıxış edərək, bütün diaspora təşkilatlarını birliyə çağırdı. Hesab edirəm ki, diaspora fəalları bunu özləri üçün nümunə götürməlidir.Bu gün biz Avropada diaspora olaraq gücə çevrilməliyik.İmkan verməmliyik ki, bizi parçalasınlar.

Bəzən Avropadan xəbərlər gəlir ki, ermənilər filan yerdə olan təşkilatımızdan şikayət edir və sairə.Mən bu cür halları görəndə sevinirəm. Əgər biz bu gün erməniləri narahat ediriksə, deməli ortada iş var. Yoxsa ki, bəzi təşkilatlar var, ancaq ortada heç bir fəaliyyəti yoxdur. Bu cür təşkilatların olmağı olmamasından daha yaxşıdır.

Bu gün bizim birləşdirici təşkilatımız Avropa Azərbaycanlıları Konqresidir.Əgər xaricdəki hər hansı diaspora təşkilatı gəlib Konqresdə birləşmirsə, mən onlardan narazıyam.Avropa Azərbaycanlıları Konqresi fərdi təşkilat deyil, bu dövlətin dəstək verdiyi qurumdur.
Son vaxtlar bəzi saytlarda Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımlı haqqında böhtan xarakterli yazılar yazılır.Sahil Qasımlı Avropada yaşayan minlərlə azərbaycanlı ziyalısından biridir.Bu gün bu insan təşəbbüs qaldıraraq, Avropa Azərbaycanlıları Konqresinin prezidenti olmaq kimi ağır məsuliyyəti boynuna götürür.Onun bu vəzifəyə seçilməsinə Prezident Administrasiyasının köməkçisi və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri tərəfindən dəstək verilib.

Mən də Sahil Qasımlını uzun ilərdir ki, tanıyıram.Amma ayrı-seçkilik qoymadan deyirəm ki, bu gün Avropa Azərbaycanlıları Konqresinin rəhbəri Sahil Qasımlıdırsa, şəxsi narazılığından asılı olmayaraq hər kəs onun yanında olmalıdır.

Daha iclaslara qatılmayıb kimdənsə incimək doğru deyil.Bu cığallığın bir formasıdır.
Eyni zamanda bəzi kiçik saytlarda Avropa Azərbaycanlıları Konqresinin fəaliyyəti ilə bağlı qarayxama kampaniyası aparılır.Mən Mətbuat Şurasının İdarə Heyətinin və Şikayətlər Komissiyasının üzvü kimi də bu cür hallara qarşı mübarizə aparacam.Çox təəssüf ki, həmin saytlara dəfələrlə xəbərdarlıq edilsə də, onlar “reket” əməllərini yenə davam etdirir.Ancaq bu cür yolla çox da davam edə bilməzlər.Diaspora işi də dövlət sirri kimi məxfi aparılmalıdır.Hesab edirəm ki, hərbi sirrləri yayan saytlara və şəxslərə qarşı hansı məsuliyyət tətbiq olunursa, diaspora sahəsində də ermənilərə xidmət etmiş olan həmin saytlara və onların rəhbərlərinə qarşı ciddi cəzalar olmalıdır. Burada söhbət təkcə Sahil Qasımlıdan getmir, hər bir adam ola bilər. Təsəvvür edin ki, dövlət tapşırıq verir, diaspora təşkilatları ermənilərə qarşı mübarizə aparır, hansısa saytlar bizə qarşı çıxış edərək ermənilərə xidmət etmiş olurlar. Hərbçi erməni ilə səngərdə necə mübarizə aparırsa, diasporamız da xarici ölkələrdə belə mübarizə aparır. Diasporamızı gözdən salan qarayaxma yazıların yayılması isə ermənilərə xidmət etmiş hərəkətlərdir.Bu cür hərəkətlərlə yalnız ermənilərə xidmət etmiş olurlar.Bu cür hallara birdəfəlik son qoymaq lazımdır.

Diaspor.az