Azərbaycan diasporu Kemerovo qurbanlarını yad etdi – VİDEO

Rusiyadakı Azərbaycan Diaspora təşkilatları Kemerovo faciəsinin qurbanlarının xatirəsini yad edib.

Bu barədə DİASPOR.AZ-a Azərbaycan Mədəniyyəti İnkişafı Fondunun direktoru Şamil Tağıyev məlumat verib. O bildirib ki, Rusiyadakı Azərbaycan diasporları Kemerovo şəhərinin Moskvadakı daimi nümayəndəliyinin qarşısında faciə qurbanlarının xatirəsini yad ediblər.

Mərasimə 50-dən çox həmvətənimiz qatılıb.

Eyni zamanda, mərasimdə Rusiyanın televiziya kanallarının çəkiliş qrupu da iştirak edib. Mərasim Rusiya telekanallarında yayımlanıb.

Qeyd edək ki, Azərbaycan diaspor təşkilatları Rusiyanın bütün şəhərlərində Kemerovo faciəsində dünyasını dəyişənlərin xatirəsini yad edib.

Xatırladaq ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər ölüb. Ölənlərin sayının 78-ə çatacağı ehtimal olunur.

DİASPOR.AZ