Azərbaycan daha bir uğur qazandı

Azərbaycanın Elit yığmasının digər üzvü Kiril Pozdnyakov 193 km məsafəni 3-cü sırada tamamlayıb
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Mərakeş turunda çıxış edir. 10 günlük yarışın 4-cü mərhələsi komandamızın uğurlu nəticəsi ilə yadda qalıb.
Qaynarinfo Velosiped Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ən ağır dağ mərhələsi hesab edilən 193 km-lik 4-cü günündə Azərbaycanın Elit yığma komandasının üzvü Samir Cəbrayılov dağ finişlərində hamıdan yaxşı çıxış edib. Bununla da velosipedçimiz Mərakeş Turunun ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan xüsusi köynəyi ələ keçirib və 5-ci mərhələyə bu köynəklə başlayacaq.
4-cü mərhələ həmçinin Azərbaycanın Elit yığmasının digər üzvü Kiril Pozdnyakovun 193 km məsafəni 3-cü sırada tamamlaması ilə yadda qalıb. Finişi 4 nəfərlik qrupda başa vuran təmsilçimiz 4 saat, 39 dəqiqə, 59 saniyə nəticə göstərib və yalnız fotofinişə əsasən 3-cü olub. Bununla da Pozdnyakov ümumi təsnifatda 13 pillə irəliləməklə 3-cü yerə yüksəlib və hazırda yarış liderindən 34 saniyə geri qalır.
Veloturun 5-ci mərhələsində iştirakçılar 142,8 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Synergy Baku” bu yarışda Samir Cəbrayılov, Elçin Əsədov, Kiril Pozdnyakov, Aleksandr Polivoda, Ənvər Asanov və Elgün Əlizadə ilə təmsil olunur.
DİASPOR.AZ